Thursday, August 9, 2012


RAMAZANIMIZ HƏDƏR GETMƏSİN

Birimiz həkimə getsək, müəyyən xəstəlikdən və ya ağrıdan şikayət etsək, çox güman ki, həkim əvvəl bizi muayinə edib, sonra diaqnoz qoyacaq. Tam olaraq xəstəliyimizin səbəbini aydınlaşdırmaq istəyəcək. Ondan sonra isə münasib bildiyi dərmanı və müalicə üsulunu yazacaq. Təbii ki, yazdığı dərmanların da qəbuledilmə üslubunu başa salmağı unutmayacaq. Məsələn, bu dərmanı yeməkdən sonra, bu dərmanı yeməkdən yarım saat əvvəl, bu dərmanı gündə 3 dəfə, bu dərmanı gündə bir dəfə, filan dərmanı yatmamışdan öncə və s. Dərmanları mütləq tövsiyə etdiyi formada və vaxtda dəqiqliklə qəbul etməyi bərk-bərk tapşırdıqdan neçə gün sonra ona təkrar müraciət etməyimizi gözləyəcək. 
Vəsf olunmuş müalicə müddəti bitər-bitməz xəstə həkimin yanına gələrkən sizcə, həkimin ilk sualı nə ola bilər?! Yəqin ki, “İndi necəsən, yaxşılaşmısanmı? Yaxşı olubmu səhhətin? Dəyişilibmi?” – olacaqdır. Ardınca da dərmanları tam dəqiq yazdığı formada və vaxtlarda qəbul edib-etmədiyini bir daha dəqiqləşdirəcəkdir. Əlbəttə ilk sual xəstənin yaxşılaşması və sağalması haqqında olmalıdır. Çünki elə əsas hədəf də budur, dərmanlar isə hədəfə və məqsədə çatmaq üçün sadəcə bir vasitədir. 
Bu cür adi və sadə bir prosedurda heç kim mübahisə və ixtilaf etməsə də çox təəssüf ki, ibadətlərə gəldikdə iş tamamilə başqa məcraya yönəlir və bu məsələdə heç bir ittifaqa gələ bilmirik. O ibadətlər ki, bizim daxilimizi, əxlaqımızı və mənəviyyatımızı yaxşılaşdırmaq və dürüstləşdirmək üçündür. 

Qayəmiz, yaradılışımızın səbəbi, məqsədi...
Allah-Təala bizi yaradıb Yer üzündə yerləşdirib ki, böyük bir məsuliyyəti həyata keçirək, məbudumuz olana itaət edək, tam olaraq Ona təslim olaq, onun əmrlərinə tabe olaq, yalnız Ondan istəyək, yalnız Ona güvənək, təvəkkül edək, yalnız və sırf Onun rizası üçün iş görək, Onu sevək, Onu üstün tutaq, Onu razı salaq, bir sözlə ibadətlə məşğul olaq. Bunların olması da qəlbimizin diri qalması, qəlbimizin həyatı və onun dünya sevgisindən, nəfsin təzyiqindən qurtulması üçündür. 
Qəlbimizin həyatı və diri qalması, Məbuduna tam tabe ola bilməsi üçün də Allah-Təala bizləri doğru vasitələrə yönləndirmişdir. Allah-Təala Qurani-Kərimdə bizə əmr edərək buyurur ki; “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)” (əl-Bəqərə, 21). Pis əməllərdən çəkinərək, təmamilə Rəbbimizin əmrlərinə tabe olmaq üçün ibadət etməliyik. Müxtəlif cür ibadətlər nəyə gərəkdir, nə dəyərləri var?!

Namaz - “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər.” (əl-Ənkəbut, 45)

Zəkat, sədəqə - “Onların mallarından sədəqə (zəkat) al. Bununla onları təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan.” (ət-Tövbə, 103)

Zikr – “Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (ər-Rad, 28)

Oruc – “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə, 183)

Hər nə cür ibadət olur-olsun, ona bizi Allah yönləndiribsə, O bizə buyurubsa, o ibadət növü bir vasitədir, hansı ki, bizi önə aparacaq, Allaha tərəf çəkəcək və Ona yaxınlaşdıracaq. Bununla da biz yaradılışımızın hədəfində duran qayəni həyata keçirmiş olarıq. Etdiyimiz ibadətlərin hər bir hərəkəti belə Allaha yaxınlaşmaq üçün bir vasitədir. “Səcdə et və (Allaha) yaxınlaş!”

Melumat "Azerislam.com"dan götürülmuşdür.

No comments:

Post a Comment