Thursday, August 9, 2012


ALLAH, İNSAN, İSLAM

Allah, varlığı heç bir səbəbə bağlı olmayan ilahi zatdır. O, heç bir şeyə möhtac deyil. Lakin hər şey Ona möhtacdır. Hər işin Ona həvalə edilərək olunması zəruridir. Hər işə müdaxilə etmə haqqına sahibdir.

Yerlərin, göylərin və ikisi arasındakıların Rəbbi, onları yaradan və idarə edən, kainatdakı nizamın tək sahibidir. Dünya və axirətdə hökmran olan, heç bir işi təsadüfə buraxmayan, qaranlıqlardan nura çıxaran, Peyğəmbərlər və vəhylər göndərən, diləyəni hiayətə çatdıran, diləyəni dəlalətə salan yeganə ilahdır. Canlı və cansız bütün varlıqları yaradan, onlar içərisində də insanları məxluqatın ən şərəflisi olaraq yaradandır. Yaratmaqla qalmayıb yaşadan, öldürən, dirildən, hesaba çəkəndir. Yerlərin və göylərin Rəbbi, Rəhman olan, Rəhim olan, ruzi, cəza və mükafat verəndir.
Zaman və məkandan münəzzəh [1] olan, əzəli və əbədi, axır və əvvəl olandır. Şəriklilik və şərtlilik qəbul etməyən yeganə ilahdır. Doğmayıb, doğulmayıb. Dilədiyini əziz, dilədiyini zəlil edən; şərəf və izzət sahibi, görünən və görünməyənin Rəbbidir. Ən kiçik zərrə, toz parçasından ya da gözlə görünməyən mikroblardan, ən böyük cisimlərə qədər məxluqat arasındakı bütün əlaqələrə nəzarət edən, hər şeyi haqqıyla bilən, haqqıyla görən, duymadıqlarımızı duyan, yedirən, içirən, ağladan, güldürən, bizdən uzaq olmayan yeganə bir ilahdır.


Hər şeyi insan üçün yaradan, insanın xidmətinə verən, insanı yalnız özünə qulluq üçün yaradan Odur. Bax, Rəbbimiz olan Allah belədir. Dövlətimizə, evimizə, həyatımıza, təhsilimizə qarışan və hər biri üçün prinsiplər qoyan Odur. Səmadan üzərimizə tavan, yer üzündən ayağımızın altına döşək edən, yağışı yağdıran, küləyi göndərən, yer üzündə yaşadan, ağıl, fikir və şüur verən Odur. Bax, budur bizim Rəbbimiz.

İnsan isə, yuxarıda bəzi sifətlərini saymağa çalışdığımız Uca Allah tərəfindən məxluqatın ən şərəflisi olaraq yaradılan, ruhunu Allahdan, cisimini torpaqdan alan bir varlıqdır. Ruhunu Allaha bağlayaraq ülviləşən bir varlıqdır. Eyni zamanda, ağılını, nəfsinə və şəhvətinə təslim edərək sufliləşən; heyvanlar dərəcəsinə, hətta daha aşağı düşən bir məxluq da ola bilər. Allaha qul olmaq və olmamaq barəsində iradə sahibi, seçmə azadlığına sahib yeganə varlıqdır. Yaradılış etibarilə zəif, tələskən, ehtiraslı, bəzən zalım, bəzən də cahil, pisliyə və yaxşılığa meylli bir varlıq. Bir yandan Allahın xəlifəsi, Allahın hökmlərini yer üzündə Allah adına tətbiq edici; digər yandan isə şeytana, nəfsinə, şəhvətinə ya da insanlara qul olma zəifliyinə düşən bir varlıqdır.

İslam isə; Allah ilə insan arasındakı əlaqələr üçün, Allah tərəfindən təyin edilən prinsiplərdir. Bu prinsiplər sisteminə din deyirik. Dinin risalət silsiləsindəki ən son şəkli İslamdır. Din, insan ilə Allah arasında bir bağdır. Allah tərəfindən, bəşərin ixtiyarına buraxılmadan, insanı insan etmək, insani xüsusiyyətlərini qorumaq üçün göndərilmişdir.

Qısaca İslam; Allahın boyasıdır. Uca Rəbbimiz: "Bu Allahın boyasıdır. Allahdan daha gözəl kimin boyası ola bilər?" [Bəqərə Surəsi; 138] buyurmaqdadır. 

Bu ayədəki boya kəlməsindəki məqsəd İslamdır. Allahın insanlar üçün qoyduğu ən son nizamdır. Bu boya ilə boyanmağımız istənilr. Məhz Allah hər şeyi yaratmış və ona sahib çıxmışdır. Varlıqların ən şərəflisi olaraq da insanı yaratmışdır: "Həqiqətən biz insanı ən gözəl surətdə yaratdıq." Ayədəki "ən gözəl surətdə" cümləsindəki məqsəd bədən, ruh və ağılda mükəmməllikdir. Başlıca mükəmməllik xüsusiyyətləri bunlardır. İnsanı yaradan Allah, onu başıboş buraxmadı. Bu da Rəbbimizin bizə olan ən böyük lütfüdür. Sahibinin buraxdığı yüyənsiz heyvanlar kimi sərbəstsiniz; gəzin, dolaşın, yeyin, için, əylənin demədi. Uca Rəbbimiz:"Vay insanın halına, vay, sonra yenə vay halına vay! Yoxsa insan başıboş buraxıldığınımı zənn edir?" [Qiyamət Surəsi: 34-36] buyurmaqdadır.

Lakin bizi yaradan Rəbbimiz, Mən sizi yaratdım; artıq nə istəyirsiniz edin, öz başınızın çarəsinə baxın desəydi, o zaman insanlar yaşamağın, yeməyin, içməyin doğru variantını bilə bilməzdilər. Üstəlik Allahı buraxıb nəfslərinə, şəhvətlərinə ya da daşdan və ağacdan düzəldilmiş bütlərə və ya bir qisim bəşəri ideologiyalara qul olacaqdılar.

Amma Rəbbimiz belə etmədi. Yaratdı, nizam verdi, şəkil verdi, qaydaya saldı və şəriət göndərdi. Necə yaşayacağımızı öyrətdi. Rəzil olmamağın prinsiplərini bildirdi. Peyğəmbərlərini, kitablarını, mələklərini göndərdi. Bu mesajlarını anlayacaq ağıl, yaşayacaq imkan verdi. Çünki bizi O yaratdı. Elə isə bizi ən yaxşı tanıyan da Odu: "Ayıq olun [diqqət yetirin] heç yaradan bilməzmi [yaratdığını]? O, lütf sahibi və hər şeydən xəbəri olandır" [Mülk Surəsi; 14].

Soyuducunu icad edən bir usta onun işləmə mexanizmasını təyin edər. Çünki bu, onun icadıdır. Hecə işləsə xarab olmayacağını da o bilir. Bunun kimi, digər alətlərin funksiyasını da onları yaradan usta bildiyi üçün, onların necə istifadə ediləcəyini də ən yaxşı bilən onlardı. Buna görə də aldığımız hər cihazın yanında onun necə istifadə ediləcəyini izah edən, istifadə qaydalarının yazıldığı bir sənəd olur. Aldığımız cihazı təlimatına uyğun olaraq istifadə etməsək tez bir müddətdə yararsız hala düşər. Məhz insanın həyata təlimatı da, Allah ilə qul arasındakı mükəmməl əlaqəni təmin edən, Allah tərəfindən göndərilən İslamdır. İslama sahib çıxmağa, yəni insanla Allah arasındakı bağı qurmaq mübarizəsinə də ibadət və ya qulluq deyirik.
ORUCDAKI HİKMƏTLƏR
1. Oruc tutmağın hikmətlərindən birincisi.

Oruc Allahın razılığını qazanmaq üçün edilən ibadətdir, bununla qul yemək, içmək və cinsi əlaqə kimi sevdiyi və tələb etdiyi şeyləri tərk etməklə öz Rəbbinə daha da yaxınlaşır. Bunları etməklə qulun imanının doğruluğu və Allaha qarşı qulluğunun kamilliyi, həmçinin Allaha qarşı sevgisi və Allah təalanın onun üçün hazırladığı bol xeyrə nail olma istəyi, arzusu nəzərə çarpır. Bu belədir, çünki oruc tutan kəs onun üçün sevimli olan bir şeyi yalnız (yemək, içmək, cinsi əlaqə və s.) sevdiyi şeydən daha böyük olan bir şeyə görə tərk edir ki, bu da Allahın rizasıdır. Mömin oruc tutmaqla Allahın qulundan razı qalacağını dərk etdikdə-təbii olaraq sevdiyi şəhvətləri tərk etməklə-Rəbbinin razılığını öz şəhvətlərinə üstün tutacaqdır. Ona görə də, şəhvətləri etmək üçün nə qədər istəkli olsa da və həsrətində olsa da öz şəhvətlərini tərk edir. Çünki, onun sevinci və ruhun rahatlığı Allah rizası üçün arzuladığı bütün şeyləri tərk etməklə hasil olur.

Bundan dolayı, möminlərin çoxları-həqiqi bir üzr olmadan Ramazanda orucunu pozmaq üçün döyülsə və yaxud məcbur edilsə-orucunu pozmayacaqdır. Bu da öz növbəsində orucda olan hikmətlərin ən böyük və ən dərin yönlərindən biridir.

2. Oruc tutmağın hikmətlərindən ikincisi.

Oruc tutmaq Təqvaya nail olmaq üçün vasitədir. Allah təala buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz (təqvalı olasınız)" (Bəqərə, 183). Çünki oruc tutan kəs fərz əməlləri yerinə yetirmək və günah işlərdən əl çəkmək üçün əmr olunmuşdur.

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təala onun tərk etdiyi yemək-içməyə baxmaz". (Buxari rəvayət edir).

İnsan oruclu olduğunda, nəfsi hər dəfə günah etməyə meyl etdikdə, o oruclu olduğunu yadına salır və beləcə özünü günahdan çəkindirir. Ona görə də, Peyğəmbər sallallahu aleyhi və səlləm oruc tutan kəsə əmr etmişdir ki, bir kəs onu söyəndə və təhqir edəndə belə söyləsin:" Mən orucam". Bununla (söyüş söyən və təhqir edən kəsi) onu xəbərdar edir ki, Allah təala oruc tutan insana söyüş söyməkdən, təhqir etməkdən çəkinməyi əmr etmişdir və həmçinin oruc tutana oruclu olduğunu və söyüş söyənə, nalayiq sözlər işlədənə qarşı eyni cür hərəkətlə cavab verəməyəcini xatırladır.

3. Oruc tutmağın hikmətlərindən üçüncüsü.

Oruc tutduqda qəlb təfəkkür etmək, dərindən düşünmək və Allahın zikr etmək üçün açılır, genişlənir. Çünki şəhvətləri yerinə yetirmək qafilliyə aparır və ola bilsin ki, qəlb haqqa qarşı sərtləşir və kor olur. Ona görə də, Peyğəmbər sallallahu aleyhi və səlləm bizlərə az yemək və içməyi tövsiyə etmiş və belə buyurmuşdur: "Adəmoğlu mədəsindən daha pis bir qab doldurmamışdır" (Əhməd, Ən-Nəsa`i və İbn Ma`cə rəvayət edir).

Səhih Muslimdə, Hənzələ əl-Useydi` radiyallahu anhu, Rəsulullahın sallallahu alyehi və səlləm vəhy katiblərindən biri Peyğəmbərə sallallahu aleyhi və səlləm deyir: "Hənzələ münafiq oldu". Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: "Sübhənallah! Sən nə danışırsan?" O dedi: Ey Allahın Rəsulu, biz sənin yanında olanda sən bizlərə cəhənnəmi və cənnəti xatırladırsan, sanki biz onları gözlərimiz ilə görmüş kimi oluruq. Lakin sənin hüzurundan ayrılıb arvad-uşağımıza qarışdığımızda, işimiz ilə məşğul olduqda çox şeyləri (səndən eşitdiklərimiz) unuduruq. Hədisin son hissəsində, Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir: "Lakin, ey Hənzələ! Bəzən belə olur, bəzən isə belə. Bunu üç dəfə təkrar etdi" (Səhih Muslim, Kitab ət-Təubə, 2750-ci hədis).

Əbu Suleyman əd-Dəra`ni deyir: "Həqiqətən, ruh ac olanda və susayanda, qəlb yumşalır və saflaşır. Ruh doyanda, qəlb korlaşır".

4. Oruc tutmağın hikmətlərindən dördüncüsü.

Oruc zəngin insanın Allahın ona bəxş etdiyi yemək, içmək və cinsi əlaqə kimi nemətləri başa düşməsinə səbəb olur. Bir çox insanlar bu şeylərdən məhrumdurlar, ona görə də o bu nemətlərə görə Allaha həmd etməli və nemətləri ona bəxş etdiyinə görə Rəbbinə şükr etməlidir. Həmçinin kasıb olan və ola bisin ki, bütün gününü aclıqla keçirən, acından ölən və ac qalan qardaşlarını xatırlamalıdır. Onlara qarşı səxavətli, ürəyi açıq, böyük qəlbli olmalı və qardaşının çılpaqlığını örtmək, onu geydirmək və aclığını aparmaq üçün ona sədəqə verməlidir.

5. Oruc tutmağın hikmətlərindən beşincisi.

Oruc insana nəfsini cilovlamağı öyrədir və nəfsinin cilovundan tutaraq onu həbs etmək üçün insana güc verir, belə ki, oruc tutan kəs onu öz idarəsi altına alır və nəfsini onun üçün xeyirli olana və onu müvəffəq edən xeyirli işlərə doğru aparır. Rəbbinin mərhəməti üzərində olan kəslər istisna olmaqla, nəfs insana şər işləri əmr edir. Ona görə də, insan nəfsinin cilovunun düyününü açdıqda və sərbəst buraxdıqda, nəfsi onu bir çox təhlükələrə sürükləyir. Lakin ona nəzarət edəndə və yüyənləyəndə, onu yüksək dərəcələrə və ən uca məqsədlərə çatdıra bilir.

6. Oruc tutmağın hikmətlərindən altıncısı.

Oruc nəfsi sındırır (zəiflədir) və nəfsin qürrələnməsi, lovğalanması məhdudlaşır, o dərəcəyə qədər ki, nəfs haqqa qarşı itaətkar, müti olur və məxluqatın qarşısında yumşalır. Çünki, yemək yemək, içmək və qadınlarla cinsi əlaqə-bütün bunlar həyanın getməsinə, təkəbbürlüyə, şöhrətpərəstliyə və digər insanlar və haqq üzərində özünü üstün görməyə səbəb olur. Bu şeylərə olan ehtiyacından dolayı nəfs bu şeyləri əldə etməklə məşğul edir. Beləcə bu şeyləri əldə etməyə nail olduqda, nəfs arzuladığı şeylər üzərində qələbə çaldığı hissini özündə daşıyır və ona görə də özünü xoşbəxt hiss edir və məzəmmət olunan təkəbbürlük hissinə qapılır. Bu da nəfsin həlak olmasının bir səbəbidir. Yalnız Allahın qoruduğu kəslər bundan xilas olur.


7. Oruc tutmağın hikmətlərindən yeddincisi.

Aclıq və susuzluq səbəbindən dolayı qanın keçid yolları darlaşır, nəticə etibarilə insanın bədənində şeytanın keçid yolları həmçinin daha dar olur. Çünki iki səhih hədis kitablarında səhih olaraq rəvayət olunan hədislərdə bildirildiyi kimi, şeytan Adəm oğlunun bədənində qanın axması kimi dövr edir. Ona görə də, oruc tutmaqla şeytanın vəsvəsələri zəifləyir və insanın şəhvət gücü və qəzəbi fəth olunur.

Bu səbəbdən, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur:

"Ey cavanlar toplusu! Evlənməyə imkanı olanlar evlənsin. Çünki evlilik (yad qadınlara) gözlə baxmağın qarşısını alır və cinsiyyət orqanlarını mühafizə edir. Evlənməyə imkanı olmayan oruc tutsun. Həqiqətən oruc tutmaq onun dərmanıdır" (Buxari: 9\ 106\ № 5065. Müslim: 2\ 1018\ № 1400).

8. Oruc tutmağın hikmətlərindən səkkizincisi.

Oruc tutmaq nəticəsində insanın səhhətinin sağlamlaşması ilə faydalar hasil olur. Az miqdarda qida qəbul etməklə, müəyyən bir müddət üçün həzm sisteminin dincəlməsinə şərait yaratmaqla buna nail olunur. Bununla da, həzm sistemi bədən üçün zərərli olan artıq maddələri və ifrazatları kənar edir.

Baxın, Allah təalanın hikmətləri necə əzəmətli və necə də genişdir! Onun məxluqatı üçün qoyduğu əmrləri necə də faydalıdır!

Ey Allahım! Sənin dinini başa düşmək üçün bizlərə anlayış (fəhm) bəxş et və Sənin əmrlərinin gizli sirlərini başa düşməyə kömək et. Din və dünya işlərimizi islah et. Bizləri və valideynlərimzi, bütün müsəlmanları Öz rəhmətinlə bağışla, Ey Rəhmlilərin Rəhmlisi!

Və sonda Allahın salamı və xeyir-duası Muhəmmədə sallallahu aleyhi səlləm, onun ailəsinə və onun bütün səhabələrinin üzərinə olsun.
Melumat"Azerislam.com"dan götürülmüşdür.

ON BİR AYIN SULTANI


Bütün ötən günlər ömür təqvimindən düşən yarpaqlara bənzəyirsə, Ramazan ayının mübarək günlərindən ötən hər gün, hər saniyə, hər an belə, daha dəyərli olduğu üçün itkisi də daha ağrılı olur. Ömürdən necə Ramazanlar getmiş... Allahım, daha gözəl və daha bərəkətli Ramazan günləri yaşat bizlərə. 

Ramazanın gecələri kimi, gündüzlərinin də qədrini öyrət bizə. Allahım, hər günümüzü Ramazan günləri kimi bərəkətli et. İki günü eyni olan artıq itkidədir, deyə müəllimimiz bizi öyrədib. İtkidən Sənə sığınırıq, Allahım. 

Nədir oruc? Nədir Ramazan?... Oruc könül gövhəri olan qəlbimizi Ramazanın aclıq və susuzluq atəşində yandıraraq paslardan təmizlənməsidir...Pas atmış dəmiri odda yandırmadan təmizləmək mümkünmü? 

Ərəb dilində Ramazan kəlməsi rəmd kökündən qaynaqlanmışdır. Günəşin yandıran istiliyi anlamını verir. Oruc ayına bu adın verilməsi də atəşin hər hansı bir şeyi yandırıb bitirdiyi kimi orucun da insanların günahlarını yandırıb yox etməsində gizlənmişdir... 

Uca Yaradan orucun önəmini Bəqərə surəsindəki 183–cü kərim ayəsi ilə bildirməkdədir: 

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, pisliklərdən çəkinəsiniz!” 

Bizi doğru yola yönəldən, xoşbəxtlik açarını bizə təqdim edən Rabbimiz bu ayəsi ilə orucun ana qayəsini açıq göstərir. Oruc... Pisliklərdən çəkinmək... Yəni, təqva... yəni, təmizlənərək ucalmaq... təqva - nəfs tərbiyəsilə qazanılan üstün bir keyfiyyət... Ən üstün əxlaqi dəyərləri özündə toplayan dəyər. Əxlaq xilqətdir... xilqət əxlaqdır... Xilqət Yaradanın səni yaratdığı fitrətdir. Yaradılış məqsədinə uyğun olan əxlaqidir. Fitrəti təmiz saxlamaq ruhun təmiz saxlanmasıdır. Ruh üflənəndir, pakdır, paklığı sevir, nurdur, sahibinə dönəcək... Pak olan pak olana qovuşa biləcək...Oruc yandırıb təmizləyən ayda paslardan, dünya çirkablarından təmizlənərək, ruha paklığını qaytarmaq cəhdidir. Oruc cəhddir... cəhd etmək- cihad etməkdir... Demək, Təqva cihadla əldə olunur... Cihad vicdanın arınmasıdır...Cihad mücadilədir... Mücadilə iç savaşıdır. Savaş pisliklərdən qaçmaq, eybəcərliklə döyüşmək, gözəlliyə can atmaqdır... Gözəlliyi yaşayan gözəlliyə çağıracaq, gözəlliyi əmr edəcək... Gözəllik fitrətdədir. Yaradan gözəldir, gözəlliyi sevir... Yaratdıqları da gözəldir... Yaratdıqlarından da gözəllik tələb edir, gözəlliyə can atmağı, gözəlliyi yaşamağı, gözəlliyə çağırmağı tələb edir. Gözəl fitrətə, gözəl xilqətə sahib olanın gözəl əxlaqı olmalı. Gözəl əxlaq üstün əxlaqdır... Üstün əxlaq təqvadır... Təqva səni sevən, sənə yardım edən, səni gözəlliyə çağıran Uca Yaradanın qadağan etdiyi hər şeydən çəkinməkdir... Təqva - sənə şah damarından da yaxın olan, gizlinin gizlisini bilən və səni başı- boş buraxmayan, hər əməlini, düşüncəni, niyyətini dəftərinə qeyd etdirən Allahın əmr etdiyi hər şeyi sevgiylə yerinə yetirməkdir... Təqva - sevərək Yaradana qeyd-şərtsiz təslim olmaqdır... Təqva iki sevgilini görüşdürəcək yoldur... Təqva səmimiyyətdir... Təqva iman və inam dəbilqəsiylə zirehlənərək, qorunaraq hər düşüncədə, niyyətdə yalnız Uca sahibini, Mövlasını düşünərək imtahanlarla, tələlərlə, düşmənlərlə dolu dünya həyatı yolunda büdrəmədən, yaralanmadan yürüyə bilməkdir. Təqva səni Yaradanına qovuşduracaq... 

“ Bİz Allaha məxsusuq və Onun yanına qayıdacağıq” ( əl-Bəqərə, 156)

Ya Rabbim, Sənə Sənin razı qalacağın şəkildə qayıda bilməyi nəsib et...
Amin... 

Oruc insana təqvanı qazandıran önəmli bir nəfs tərbiyəsidir. Təqva da insana təmiz qəlb, ayıq qəlb, səlim qəlb qazandırır... Təqvaya aparan yol nəfsin tərbiyəsindən keçir... Nəfsini tərbiyə edə bilən qəlbini də Allahın yardımı ilə nəfsin şərindən qoruya biləcək... Ayıq qəlb Yaradanın razılığını qazanmağa bir vəsilədir. Möminin qəlbi Allahın evidir. Gözəllik olan yerdə pisliyə yer yoxdur. Pisliyin daxil olduğu yeri gözəllik tərk edər. Təqva qəlbin ayıq qalmağının, qəlbin təmiz qalmasının qarantıdır. Təqva qəlbin pozularaq günaha yönəlməsini əngəlləyən vasitədir. İmtahanlarla dolu gündəlik dünya həyatı, insanlarla qarşılıqlı münasibətlərdəki əlaqələr, qarşılaşdığımız çətinliklər, yaranan seçimlər, bəzən insanda paslanmağa, kirlənməyə, bir sözlə təqvanın qismən də olsa zədələnməsinə səbəb olur. Yaratdığını gözəl tanıyan Rəbb onu heç bir zaman rəhmətindən məhrum etmir. Bu səbəbdən də Insanın düşmənini zəncirə vuraraq qulunun təmizlənmək, Ona yaxınlaşa bilməsi üçün rəhmət ayı olan Ramazan ayı kimi bir yardımçı vermişdir. İldə bir dəfə ümmət olaraq cəm şəkildə tutulan oruc sayəsində bu zədələnmə təmir olunmuş olur. Zərərə məruz qalmış yerlər yenilənir. Həmd olsun bizləri sevən, lütfü ilə tərbiyə edən, mərhəmətindən əksik etməyən aləmlərin Rəbbi Allaha... 
Beləliklə, Yaradanın rəhməti və sevgisi ilə qul təqvanın yenidən qəlbi zəbt edərək işığa, nura, qərq edə bilməsi üçün çalışır, cəhd edir, nəfsi ilə cihad edir... Qəlbin də, ruhun da qidası Nurdur, gözəllikdir. 

  Amma əfsuslar olsun ki, Allah qorusun elə qullar olur ki, Ramazan ayından onların nəsibi aclıq və susuzluqdan başqa bir şey olmur. 

Ya Rəbb sənə sığınırıq! On bir ayın sultanı olan Ramazan ayında gözəlləşə bilməməkdən sənə sığınırıq! 
Sən Rəbbsən, lütfünlə bizi tərbiyələndir, nurunla nurlandır, gözəlliyinlə qəlbimizi gözəlliyə qərq et. 

Pak söz pak əməllə Allaha tərəf yüksəlir. Pak sözü qəbul edən İnsan, sözünün Allaha tərəf yüksəlməsi üçün pak əmələ ehtiyacın var... Nümunələr nümunəsi Rasulumuz qəlbi, cismi təmizləyərək ruhu rahatlandıran orucun fəziləti haqda nələr öyrətməmişdir... 

Adəm oğlunun hər əməlinə on qatdan yeddi yüz qata qədər savab verilir. Ancaq Allah (c.c) belə buyurur: “Oruc bunun xaricindədir. O, mənim üçündür və onun savabını da ancaq mən verirəm. Qulum mənim üçün şəhvəti, arzusunu və yeməyini tərk etməkdədir. Oruclu üçün iki rahatlama vardır. Bir rahatlama orucunu açdığı zaman, bir rahatlama da Rabbinə qovuşduğu sıradadır. Şübhəsiz oruclunun ağız qoxusu Allah qatında misk ətrindən daha xoşdur... 

Uca Allah buyurur: Adəm oğlunun hər əməli özü üçündür. Oruc xaric O mənim üçündür və mükafatını da mən verirəm. Yeməyini, içməyini və şəhvət arzusunu mənim üçün tərk etməkdədir. 

Hər iftar vaxtında Allahın Cəhənnəmdən azad etdiyi insanlar vardır. Bu hər gecə belə davam etməkdədir. 
Oruc bir qalxandır. 

Oruc sizin döyüş zamanı istifadə etdiyiniz qalxan kimi bir qalxandır. 

Allah buyurur: Oruc qulun atəşdən qorunmasına yarayan bir qalxandır. O mənim üçündür, savabını da mən verirəm... 
Oruc və Quran Qiyamət günündə qul üçün şəfaət edərlər. Oruc deyər ki, Ey Rabbim! Mən onu yeməkdən və şəhvani arzusundan saxladım, məni onun üçün şəfaətçi et. Quran da deyər ki, Mən onun gecə yuxusuna mane oldum, məni onun üçün şəfaətçi et. Beləcə onlar şəfaət edərlər... 

Ey Adəm övladı, tələs, paklanmağa tələs... sev... sevil, paylaş... Ramazan ayı Quran ayıdır. Ramazan Quranın yerə doğum ayıdır. Quranın şərəfi Ramazan ayını şərəfləndirir. Quranı oxu!... düşün! yaşa!!! Quran şərəfilə şərəflənərək hər gününü Ramazan et! Allaha aparan, möminin miracı olan namazlara tələs... Ramazan ayı təravih namazlarının ayıdır. Təravihlərə tələs... Gecə namazlarında Rəbbini zikr et. Hər gecəni gecə namazları ilə nurlandır. Dua et... Ramazan ayı dua ayıdır... Xilas olmağa cəhd et! 
Yardıma ehtiyacı olanların yardımına tələs. Çünki, Allah yardım edəndir, yardım edənləri sevir. Hər kəsə mərhəmət göstər. Çünki, Allah mərhəmətlidir, mərhəmətliləri sevir... Allahın sevgisini qazanmağa tələs... Allahın sevgisini qazanmağa cəhd et! 
Ətrafını nemətlərilə dolduran səxavətli Allahın qəzəbinə səbəb ola biləcək, orucun gözəlliyinə xələl gətirə biləcək hər bir pislikdən qaç, uzaqlaş... Tələs, Allaha tələs... 
Ya Rabbim, Ramazan ayımızı təqvamızın yeniləşməsinə, artmasına vəsilə et... Ya Rabbim, bizlərə hər iki dünyada gözəlliklər nəsib et. 
Amin...
Melumat"Azerislam.com"dan götürülmüşdür.